
10.12.2025
Astara rayon Heydər Əliyev Mərkəzində 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Astara rayon Ərçivan qəsəbə 4 saylı tam orta ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Beynəlxalq İnsan Hüquqları Gününün yaranma tarixi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verilib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsi olaraq Azərbaycanda insanların azad, sərbəst yaşamaq, hüquqlarını təmin etmək imkanlarına malik olmasından geniş bəhs edilib. Sonra “İnsan hüquq və azadlıqları” haqqında hazırlanmış videoçarx nümayiş olunub. Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.