
17.12.2025
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Masallı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarımızı bilək!” mövzusunda şagirdlərlə maarifləndirici görüş təşkil olunub. Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin nümayəndələri, şəhər məktəblərinin şagird və müəllim kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə açan Muzeyinin direktoru Əntiqə Tağıyeva ölkəmizdə uşaq hüquqlarının qorunması, təmin edilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən öz səlahiyyətləri daxilində lazimi tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, bildirib ki, uşaq hüquqları cəmiyyətin sağlam və ədalətli inkişafı üçün böyük əhəmiyyət daşıyır. Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi – psixoloqu Aybəniz Novruzova qeyd edib ki, uşaq hüquqları uşağın sağlam psixoloji inkişafının əsas dayaqlarından biridir. Nəticə etibarilə, uşaq hüquqlarının qorunması yalnız hüquqi məsələ deyil, eyni zamanda psixoloji sağlamlığın təmin edilməsidir. Sağlam ruhlu uşaqlar isə güclü və balanslı cəmiyyətin əsasını təşkil edir. Uşaq Səfirlər Məclisin regional nümayəndələri Turan Əlisoy və Mirturan Hüseynov Məclisin yaranma tarixi, fəaliyyəti və məqsədləri haqqında məlumat veriblər. Şagirdlərə mövzu ilə bağlı interaktiv oyun keçirilib və onları maraqlandıran suallar cavablandırılıb. Diskussiya formatında keçirilən tədbirdə fəallığı ilə seçilən məktəb şagirdlərinə təltifnamələr təqdim olunub.