
18.12.2025
Lerik Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Valeh İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, tanınmış Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Eyzəngül İsayeva Mirzə Qədim İrəvaninin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, Mirzə Qədim İrəvaninin Azərbaycan rəngkarlığının təşəkkülündəki əhəmiyyətli rolunu gələcək nəsillərə çatdırmaq olduqca vacib məsələdir. O, klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək, özünəməxsus orijinal üslub formalaşdırıb. Bu isə Azərbaycan təsviri sənəti tarixində yeni bir mərhələnin başlanğıcı olub. Sonra məktəbin rəsm müəlliməsi Afət Novruzova mövzu ilə bağlı öz fikirlərini bölüşüb. Tədbir çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.