
10.02.2026
Fevralın 9-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaranmasının 33 illiyi ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda tədbir təşkil edib.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbiri giriş sözü ilə açaraq çıxışında vurğulayıb ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. O, bildirib ki, Ulu Öndərin rəhbərliyi dövründə dövlət qadın siyasətinin hüquqi bazası möhkəmləndirilmiş, qadınların ictimai-siyasi həyata və qərar vermə proseslərinə geniş cəlb olunması təmin edilmişdir. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra çıxış edən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, Ümummilli Liderin qadınlarla bağlı məsələlərin həlli istiqamətində imzaladığı mühüm fərman və sərəncamlar qadınların hüquqlarının təminatı baxımından tarixi əhəmiyyətə malik idi. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafına yönəlmiş irimiqyaslı layihələrdə fəallıqları ilə seçilirlər. Tədbirdə şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri və şəhid anası Mehriban Sultanova, Ərkivan qəsəbə 4 saylı məktəbin müəllimi Əzizə Əzimova və digər iştirakçılar çıxış edərək Azərbaycan qadınının keçdiyi şərəfli yol və cəmiyyətdəki rolundan danışıblar.